Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində Qum Elmi hövzəsinin tədqiqat işləri üzrə müavini Höccətül-İslam vəl-müslimin Həsən Türkaşvənd mübahilə hadisəsinin İslam tarixindəki xüsusi məqamına toxunaraq bu hadisəni risalət dövrünün ən mühüm və taleyüklü hadisələrindən biri adlandırıb. O vurğulayıb ki, Qurani-Kərimin bu hadisəni açıq şəkildə bəyan etməsinə və onun Əhli-beytin (ə) fəzilətlərinə aydın dəlalət etməsinə baxmayaraq, mübahilə hələ də müsəlmanlar arasında lazımi diqqəti görmür və layiq olduğu səviyyədə tanınmır.
O bildirib ki, Ali-İmran surəsinin 61-ci ayəsində bəhs olunan mübahilə hadisəsi şübhəsiz ki, həzrət Peyğəmbərin (s) dövrünün ən həlledici hadisələrindən biridir. Bu hadisə təkcə Əhli-beytin (ə) misilsiz məqam və mövqeyini təsdiqləmir, eyni zamanda İslam tarixi boyunca Məsum İmamlar (ə) tərəfindən Əhli-beytin (ə) haqqaniyyətini sübut edən ən mühüm dəlillərdən biri kimi təqdim olunmuşdur.
Qum Elmi hövzəsinin tədqiqat işləri üzrə müavini bildirib ki, mübahiləni başqa bir Qədir-Xum hadisəsi adlandırmaq olar. O əlavə edib ki, bu hadisənin son dərəcə böyük əhəmiyyət daşımasına baxmayaraq, təəssüf ki, mübahilə digər mühüm İslam hadisələri ilə müqayisədə daha az diqqət mərkəzində olmuş və zaman keçdikcə müəyyən qədər unudulmuşdur.
O, mübahilə anlayışını izah edərək deyib ki, terminoloji baxımdan mübahilə həqiqət aşkar olduqdan, elmi müzakirələr və məntiqi dəlillər təqdim edildikdən sonra yenə də batil əqidədə israr edən şəxslər barəsində Allahın lənət və əzabının nazil olmasını istəmək deməkdir. İslam tarixində mübahilənin ən məşhur nümunəsi həzrət Peyğəmbərin (s) Nəcran xristian heyəti ilə həzrət İsanın (ə) mahiyyəti barədə apardığı mübahisədir.
Höccətül-İslam vəl-müslimin Türkaşvənd sözlərinə davam edərək bildirib ki, Nəcran xristianlarından ibarət nümayəndə heyəti İslam Peyğəmbəri (s) ilə müzakirə aparmaq üçün Mədinəyə gəlmişdi. Danışıqların əsas mövzusu həzrət İsanın (ə) mənəvi mahiyyəti məsələsi idi. Həzrət Peyğəmbər (s) ilahi ayələrə istinad edərək Qurani-Kərimin belə bir dəlilini irəli sürdü ki, həzrət Adəm (ə) nə ata, nə də ana olmadan yaradılmışdır, halbuki həzrət İsa (ə) yalnız atasız dünyaya gəlmişdir. Bununla da xristianların iddiasının əsassız olduğunu izah etdi. Lakin onlar buna baxmayaraq öz mövqelərində israr etdilər.
O əlavə edib ki, belə bir şəraitdə mübahilə ayəsi nazil oldu və həzrət Peyğəmbərə (s) müxalif tərəfi mübahiləyə dəvət etmək əmr edildi. Bu ilahi göstərişə əsasən tərəflər müəyyən olunmuş bir gündə bir araya gəlməli və Allahdan yalan danışanları öz lənət və əzabına düçar etməsini istəməli idilər.
Qum Elmi Hövzəsinin tədqiqat işləri üzrə müavini mübahilə gününün təfərrüatlarına toxunaraq bildirib:
– Tarixi mənbələrdə qeyd olunduğuna görə, vəd olunmuş gün – yəni Zilhiccə ayının 24 və ya 25-ci günü gəlib çatdıqda, Allahın Rəsulu (s) mübahilə məkanına yalnız öz ailəsinin ən yaxın və ən pak üzvlərini apardı. Bunlar Əmirəl-möminin həzrət Əli (ə), həzrət Fatimeyi-Zəhra (s.ə), imam Həsən Müctəba (ə) və imam Hüseyn (ə) idi. Bu seçim özü həmin müqəddəs şəxsiyyətlərin Allah-Taalanın və Peyğəmbəri-Əkrəmin (s) yanında malik olduqları yüksək məqamın açıq göstəricisi idi.
O vurğulayıb ki, Nəcran xristianları bu mənzərəni gördükdə və Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin mənəvi əzəmətini dərk etdikdə mübahilə etməkdən imtina etdilər. Çünki onlar əmin oldular ki, əgər bu nurani simalar dua və qarğış etsələr, ilahi əzab onların üzərinə nazil olacaqdır. Buna görə də mübahilədən geri çəkildilər, cizyə ödəməyi qəbul etdilər və onlardan bir qismi İslamı qəbul etdi.
Höccətül-İslam vəl-müslimin Türkaşvənd bu barədə nəql olunan rəvayətlərə işarə edərək deyib:
– Həzrət Peyğəmbər (s) bu hadisədən sonra buyurmuşdur: “Allaha and olsun ki, əgər mübahilə baş tutsaydı, od bütün bu səhranı bürüyərdi.” Həmçinin o həzrət özü ilə gətirdiyi şəxslər haqqında buyurmuşdur: “Allaha and olsun, əgər bu beş nəfərlə birlikdə hər hansı bir şəxslə mübahilə etsəm, o məhv olacaqdır.”
O, daha sonra mübahilə ayəsi ilə bağlı əhli-sünnə alimlərinin baxışlarına toxunaraq bildirib:
– Əhli-sünnənin bir çox tanınmış müfəssirləri və mühəddisləri, o cümlədən İbn Ərəbi Maliki və Qurtubi açıq şəkildə bəyan ediblər ki, mübahilə ayəsi Əmirəl-möminin həzrət Əli (ə), həzrət Fatimeyi-Zəhra (s.ə), imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında nazil olmuşdur. Onlar bunu Peyğəmbər Əhli-beytinin (ə) qəti və danılmaz fəzilətlərindən biri hesab etmişlər.
Qum Elmi hövzəsinin tədqiqat işləri üzrə müavini əlavə edib: Bu hadisənin əhəmiyyəti o qədər böyükdür ki, hətta sonradan siyasi məsələlərdə Əmirəl-mömininlə (ə) eyni mövqedə olmayan bəzi səhabələr də onun fəzilətlərini sadalayarkən mübahilə hadisəsinə istinad etmişlər.
O qeyd edib ki, bunlardan biri Səd ibn Əbi Vəqqas olmuşdur. Müaviyə ondan Əmirəl-möminin həzrət Əliyə (ə) qarşı nalayiq sözlər işlətməsini istədikdə, Səd həzrət Əlinin (ə) üç böyük fəzilətini xatırladaraq bundan imtina etmiş və mübahilə hadisəsini onun ən böyük mənaqiblərindən biri kimi qeyd etmişdir. O demişdir:
– Peyğəmbəri-Əkrəm (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırdı və buyurdu:
«اللهم هؤلاء أهل بيتي»
“İlahi! Bunlar mənim Əhli-beytimdir.”
Höccətül-İslam vəl-müslimin Türkaşvənd son olaraq vurğulayıb: Mübahilə hadisəsinin müxtəlif tərəflərinin yenidən araşdırılması və geniş şəkildə izah olunması Əhli-beytin (ə) həqiqi məqamının tanıdılmasında, eləcə də müsəlmanların ortaq qəbul etdikləri həqiqətlər əsasında vəhdətin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Buna görə də bu böyük İslam hadisəsinin elm, mədəniyyət və media mərkəzləri tərəfindən daha çox diqqət mərkəzində saxlanılması zəruridir.
Xəbərin sonu.
Rəyiniz